...

Azərbaycanla ŞƏT ölkələri arasında əməkdaşlıq dinamik inkişaf edir - ŞƏRH

Siyasət Materials 4 İyul 2024 12:07 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanda keçirilən növbəti zirvə görüşündə iştirakı ölkəmizin, dövlət başçısının beynəlxalq nüfuzunun və Azərbaycana olan böyük etimadın göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, bu gün Azərbaycanla ŞƏT arasında, o cümlədən ŞƏT-ə üzv ölkələr arasında yüksək səviyyəli əlaqələr mövcuddur.

“Cənab Prezident İlham Əliyevin artıq ikinci dəfə ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısına dəvət olunması və təşkilata üzv ölklərin dövlət başçıları ilə görüşlər keçirməsi də əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir. Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin ŞƏT-in budəfəki zirvə görüşündə iştirak həm təşkilatla, həm də üzv ölkələrlə Azərbaycan arasında münasibətlərin və əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Burada söhbət həm siyasi, iqtisadi, xüsusilə nəqliyyat, kommunikasiya, enerji və s. istiqamətlərdə əməkdaşlığın inkişafından gedir. Cənab İlham Əliyevin təşkilata üzv dövlətlərin başçıları ilə görüşlərində də bu məsələlərə toxunuldu və tərəflərin əməkdaşlığın inkişafına maraqlı olduğu və bu istiqmaətdə addımların atılmasının vacibliyi diqqətə çatdırıldı”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması cənab Prezident İlham Əliyevin illərə söykənən uğurlu xarici siyasətinin bəhrəsidir.

“Azərbaycan da qardaş ölkə Türkiyə kimi hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Bununla da ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı ölkəmizin regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olması baxımından çox önəmlidir.

Azərbaycan təşkilatın əksər üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Səfər zamanı dövlət başçısı təşkilatın üzv dövlətlərinin başçıları ilə təkbətək və geniştərkibli görüşləri baş tutub. Astana sammiti dövlətimiz üçün bir sıra yenilliklərlə yadda qalıb. Bunlara Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunması, Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda ilk dəfə Zirvə görüşünün keçirilməsi kimi əlamətdar hadisələr daxildir.

Dövlət başçımızın xarici siyasətdəki təşəbbüsləri və son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu gündəngünə artmaqdadır. Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa arasında əsas körpüyə çevrilib”, - deyə o əlavə edib.

Deputat bildirib ki, bütün bunlar uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevin düşünülmüş düzgün xarici siyasətinin nəticəsidir.

“Dövlətimizin başçısının mötəbər tədbirlərə dəvət edilməsi təkcə ölkəmizin Şərq ilə Qərb arasında tutduğu vacib coğrafi mövqeyindən irəli gəlmir, həm də bilavasitə Prezident İlham Əliyevin nüfuzu və siyasi uzaqgörənliyi ilə bağlıdır”, - deyə M.Cəfərov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti