...

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binası (FOTO/VİDEO)

Siyasət Materials 1 Sentyabr 2022 12:02 (UTC +04:00)
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binası (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyi üçün Roma şəhərində (Via Giovanni Battista De Rossi 27 ünvanında) satın alınmış binanın bərpası, əsaslı təmiri və təchizatı işləri yekunlaşıb.

Trend xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə səfirlik üçün ayrılmış bina ilə tanış olmuş və müvafiq tapşırıqlarını vermişdi.

Qeyd edək ki, Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələr 1992-ci ildən yaranıb. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi təsis edilib. Səfirlik 2003-cü ildən indiyə qədər müxtəlif binalarda kirayə əsasında fəaliyyət göstərib. Hazırda isə ölkəmizin diplomatik nümayəndəliyi öz müstəqil binasında işini davam etdirəcək.

Səfirliyin yeni binasının yerləşdiyi ərazidə Avstraliya, Əfqanıstan, Əlcəzair, İran, Qabon, Qətər, Malayziya, Meksika, Tailand, Yəmən və digər ölkələrin səfirlikləri, Kanada, Peru, Rusiya səfirliklərinin konsulluq şöbələri də fəaliyyət göstərir.

Səfirlik üçün ayrılmış daşınmaz əmlak ötən əsrin 40-cı illərində inşa edilib, monumentalist və neoklassik memarlıq üslublarının elementlərini birləşdirən 5 mərtəbəli binadan, yarımzirzəmi mərtəbədən və torpaq sahəsindən ibarətdir.

Binada diplomatik heyətimiz üçün iş otaqları, konsulluq şöbəsi, 1 və 2-ci mərtəbələrdə isə Azərbaycan mədəniyyətinin təqdimatları üçün otaq və zallar var.

Eyni zamanda binada Heydər Əliyev Fondunun dəstəyi ilə mədəniyyət otaqları yaradılıb. Azərbaycan mədəniyyətinin incilərinin təqdim olunduğu otaqlarda milli xalçalar, geyimlər, musiqi və xalq sənətkarlığının müxtəlif nümunələri nümayiş olunur. Binada, həmçinin kitabxana yaradılıb və müvəqqəti sərgilərin təşkili üçün zal var. Zalda müxtəlif görüşlər, konfranslar, dərslər də təşkil oluna bilər. Hazırda zalda Heydər Əliyev Fondunun dəstəyi ilə "Mənim Azərbaycanım" adlı rəsm sərgisi nümayiş olunur. Sərgidə Azərbaycanın təsviri sənətinin müxtəlif nümunələri təqdim edilir.

Kitabxanada isə Azərbaycan mədəniyyətinə, incəsənətinə, tarixinə həsr olunmuş nəşrlər, Azərbaycan yazıçılarının italyan dilində kitabları, eləcə də, İtaliyada italyan müəlliflərin dərc etdiyi Azərbaycan haqqında əsərləri təqdim edilir.

Binanın həyətində isə “Xarıbülbül” beynəlxalq incəsənət festivalının qaliblərinin müəllifi olduqları xarıbülbül maketləri sərgilənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti