Bakı. Trend:
İqlim dəyişikliyinin mənfi fəsadları bütün bəşəriyyəti narahat edir. Bunun qarşısının alınması üçün ciddi addımların atılması bütün bəşəriyyət qarşısında duran vacib məsələdir.
Trend xəbər verir ki, bu sözləri Özbəkistan Prezidentinin İctimai və dini təşkilatlarla əlaqələr üzrə dövlət müşaviri Müzəffər Kamilov Dünya dini liderlərinin qlobal Bakı Sammitində söyləyib.
O bildirib ki, zəhərli qazların atmosferə buraxılması, havanın çirkləndirilməsi insanların sağlamlığını təhdid edir. Aral dənizinin quruması da dünyanın böyük ekoloji problemlərindən biridir. Dənizin quruması, həmçinin yerli iqlimə mənfi təsir göstərir.
“İqlim böhranının aradan qaldırılması istiqamətində regionumuzda irimiqyaslı layihələr, ciddi işlər həyata keçirilir. Ətraf mühitin mühafizəsi və qorunması çərçivəsində keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammiti təqdir edilməlidir. Dinindən, millətindən asılı olmayaraq, bütün insanların səylərini birləşdirməsi lazımdır”, - deyə M. Kamilov əlavə edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.