Bakı. Trend:
Dünya dini liderlərinin qlobal Bakı Sammiti cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsinə, sülhün və əmin-amanlığın qorunmasına xidmət edir. Dünyanın bütün dinlərində ətraf mühitə dəyər olduqca vacib yer tutur.
Trend xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində İslam Məsələləri üzrə Ali Şuranın sədri Əbdülrəhman Məhəmməd Rəşad Əl Xəlifə deyib.
Xalqlar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Ali Şuranın sədri qeyd edib:
“Təəssüf ki, bəzən dinlərdən fərqli xalqlar arasında aqressiyanın yaradılması üçün istifadə edirlər. Biz birlikdə insan dəyərlərinin qorunmasına çalışmalıyıq. Parlaq gələcəyə doğru daha çox addımlar atmaq lazımdır. Ətraf mühitin qorunması İslam dinində olduqca vacib amildir. Bütün bunlar, həmçinin insanların rifahının yaxşılaşmasına zəmin yaradacaq”.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.