Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında (AMB) Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə COP29 zamanı ümumilikdə maliyyə sektorunun qarşısında duran məsələlər, planlaşdırılan fəaliyyət sahələri müzakirə olunub.
Trend xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov X sosial şəbəkəsindəki hesabında bildirib.
“Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə növbəti dəfə görüşdük. Görüş zamanı bank sektorunun üçüncü rüb üzrə fəaliyyəti, əldə olunan nəticələr və növbəti dövr üzrə hədəflər müzakirə olundu.
Ölkədəki makroiqtisadi vəziyyət, son iqtisadi göstəricilər və bunların maliyyə sektoruna təsirləri ilə bağlı fikir mübadiləsi aparıldı, sektor nümayəndələrinin təklifləri dinlənildi. COP29 zamanı ümumilikdə maliyyə sektorunun qarşısında duran məsələlər, planlaşdırılan fəaliyyət sahələri müzakirə olundu”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.