Bakı. Trend:
Bu ilin aprelin ortalarında Xəzərdə AÇG yatağında quraşdırılmış yeddinci platforma olan yeni ACE platformasından ilk neft əldə olunub.
Bu barədə Trend BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib.
Platformada hazırda iki quyudan gündə təxminən 19 000 barel neft hasil olunur. Bu ilin sonuna kimi daha bir hasilat quyusunun istismara verilməsi planlaşdırılır ki, bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.
Bildirilib ki, ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir.