Bakı.Trend:
Azərbaycan Respublikası özünün tolerant ənənələri və multikultural dəyərləri ilə tanınır və Zati-aliləri Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə artıq bir çox əlamətdar tədbirə ev sahibliyi edib.
Trend xəbər verir ki, bunu bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliya Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində deyib.
O bildirib ki, sivilizasiyalararası və dinlərarası kontekstdə beynəlxalq görüş bu ölkənin uğurunu açıq şəkildə göstərir
“Artıq uzun müddətdir ki, bir çox konfransların mövzusu olan iqlim dəyişikliyi təhlükəsi bəşəriyyət üçün ən vacib problemlərdən birinə çevrilib. Allahın yaratdığı və onun qoyduğu qanunları qorumalı və mümkün olduqda hər birimiz ətraf mühitin qayğısına qalmalıyıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.