Bakı.Trend:
Azərbaycan tolerantlığın məkanıdır.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgəyaşayış Nazirliyində baş direktor Afra Mohamed Hasan Eissa Al Saabri deyib.
O bildirib ki, ümumi məqsədlər üçün bir araya gələndə planetimizi bərpa etməyə ümid yaranır.
“Bizim planetimizi qorumaq üçün ümidimiz kəsilməyib. Bizim Bakıda toplaşmağımız onu göstərir ki, dinlərarası dialoq problemlərin həllinə kömək edə bilər.
Biz planetimizin resurslarını qorumaq haqqında fikirləşməliyik. Təbiəti qorumaq üçün biz birlikdə fərq yarada bilərik. Ümid edirəm, gələcək nəsillər üçün ümidlər yarada bilərik”, - deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.