Bakı. Trend:
Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç Novi Sad dəmiryol vağzalında baş vermiş faciə ilə əlaqədar istefa verib.
Trend xəbər verir, bu barədə nazir hökumət binasında fövqəladə mətbuat konfransı zamanı bildirib.
Q.Vesiç qeyd edib ki, faciənin baş verdiyi gün istefa ərizəsini ölkənin baş nazirinə təqdim edib. O, həmçinin, Serbiya Prezidenti Aleksandr Vuçiçə də qərarını açıqlayıb.
“Mən 14 nəfərin ölümünə görə günahı üzərimə götürə bilmərəm, çünki nə mən, nə də mənimlə işləyən insanlar bu faciəyə görə məsuliyyət daşımırıq. Əminəm ki, bunu prokurorluğun apardığı istintaq göstərəcək”, – Qoran Vesiç bildirib.
O, faciə baş verən gün hadisə yerində olduğunu da vurğulayıb.
“Bu vaxta qədər qurbanlara və onların ailələrinə hörmət əlaməti olaraq susmuşam. O dəhşətli gecədə mən vağzalda idim və xilasedicilərin daha bir nəfəri xilas etməsi üçün dua edirdim”, – Q.Vesiç qeyd edib.
Xatırladaq ki, noyabrın 2-də Serbiyanın ikinci böyük şəhəri Novi Sadda vağzal binasının tavanı uçub. Nəticədə 14 nəfər həlak olub.