...

AzMİU ilə Üsküdar Universiteti arasında elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə əməkdaşlıq qurulacaq (FOTO)

Cəmiyyət Materials 2 İyul 2024 17:00 (UTC +04:00)
AzMİU ilə Üsküdar Universiteti arasında elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə əməkdaşlıq qurulacaq (FOTO)

Bakı. Trend:

Türkiyənin Üsküdar Universitetinin rektoru professor Nazife Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

Qonaqlarla görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova rektor Nazife Güngör və rəhbərlik etdiyi nümayəndə heyətini salamlayıb, onları görməkdən məmnunluğunu ifadə edib.

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq memorandumunun mövcud olduğunu qeyd edən rektor, əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli şəraitin formalaşdığını bildirib. Son illər Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) inkişafı, eləcə də ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsinin AzMİU ilə Türkiyənin digər universitetləri kimi Üsküdar Universiteti arasında da əməkdaşlıq üçün yeni perspektivlər yaratdığını qeyd edib.

Rektor əlavə edib ki, ölkəmizdə universitetlərin beynəlmiləlləşdirilməsi siyasətinə uyğun olaraq AzMİU-da konseptual iş aparılır: “Biz xarici universitetlərlə əməkdaşlığa çox böyük önəm veririk. Universitetimizin Qərb ali təhsil sisteminə inteqrasiyasında maraqlıyıq və bu işdə Türkiyə universitetləri ilə əməkdaşlığımız xüsusi əhəmiyyətə malikdir. Hesab edirəm ki, əlaqələrin yaxınlaşması, o cümlədən bugünkü görüşümüz uyğun ixtisaslar üzrə aktiv əməkdaşlıqla nəticələnəcək”.

Üsküdar Universitetinin rektoru professor Nazife Güngör görüş üçün rektor Gülçöhrə Məmmədovaya öz təşəkkürünü bildirib, AzMİU ilə güclü əməkdaşlığın qurulacağına inamını ifadə edib. Eyni zamanda əməkdaşlığın inkişaf etdirilməsi, şaxələndirilməsi, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılmasının vacibliyini vurğulayıb: “İki universitetin ortaq ixtisaslar üzrə əməkdaşlığı üçün hər iki tərəfin maraqlı olması sevindiricidir. Biz AzMİU ilə qrafik dizaynı, animasiya, elektik və elektronika mühəndisliyi üzrə əməkdaşlıqda çox maraqlıyıq. İlkin olaraq bu ixtisaslar üzrə əlaqələrin genişlənməsinin bizim üçün qarşıda əlavə imkanlar yaradacağı şübhə doğurmur”.

Çıxışlarda Erasmus+, Orhun, Mevlana mübadilə proqramları çərçivəsində əməkdaşlıq, ortaq tədqiqat, ortaq elmi məqalələrin yayını və bir-birinə dəstək olmaqla beynəlxalq reytinqin yüksəldilməsi məsələlərinə də toxunulub. Tərəflər əməkdaşlıq potensialının yüksəldilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər. Bundan əlavə, AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrası ilə Üsküdar Universitetinin Elektrik və elektronika mühəndisliyi kafedrasının birgə elmi seminarının keçirilməsi qərara alınıb. Qeyd edilib ki, bu qərar hər iki universitetin akademik heyətinin tanışlığı, birgə elmi müzakirələrin aparması və yeni əməkdaşlıq layihələrinin formalaşması baxımından mühüm addım olacaq.

Xəbər lenti

Xəbər lenti