Bakı. Trend:
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrinin Hökumət Başçıları Şurasının iclası oktyabrda Pakistanın İslamabad şəhərində keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Pakistanın baş naziri Şahbaz Şərif "X" platformasında məlumat paylaşıb.
"Pakistan bu ilin oktyabrında İslamabadda keçiriləcək ŞƏT Hökumət Başçıları Şurasının iclasında ŞƏT ailəsinin üzvlərini qarşılamağı səbirsizliklə gözləyir", - paylaşımda deyilir.
Qeyd edək ki, 2024-cü il iyulun 4-də Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında ŞƏT sammiti keçirilir.
Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏ-in Baş katibi və regional ŞƏT antiterror strukturunun icraçı direktoru iştirak edir.
Sammitdə həmçinin BMT-nin Baş katibi və Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Tə.kilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi Komissiyası (AİK) və Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatı (IOFS) kimi beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.
ŞƏT sammiti ilk dəfədir ki, "ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası " və "ŞƏT+" iclası formatında keçirilir.
Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. Əvvəlcə təşkilata altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi. 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə isə İran təşkilatın tamhüquqlu üzvünə çevrildi. Bugünkü sammitdə Belarus rəsmi olaraq ŞƏT-in tamhüquqlu üzvlüyünə qəbul edilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)