Bakı. Trend:
Azərbaycanda ilk dəfə abituriyentlər üçün “SmartAbituriyent” ağıllı platforma istifadəyə verilib.
Trend xəbər verir ki, platforma müasir texnologiyaların gücündən istifadə edərək abituriyentlərin topladıqları ballar və maraq daiərələri əsasında ən uyğun ixtisasları və universitetləri saniyələr içində təklif edir. Abituriyent artıq ənənəvi yolla ixtisas seçimi etmir.
Müasir tələblərə cavab verən “SmartAbituriyent” platforması abituriyentlər və valideynlər üçün ixtisas seçimində tam müstəqillik və rahatlıq təmin edir. Platforma İT sahəsində ən tanınmış mütəxəssislər Teymur Hacıyev və onun komandası tərəfindən yaradılıb. Teymur Hacıyev 2009-cu ildə beynəlxalq İT imtahanında ilk yer qazandığı üçün Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.
“SmartAbituriyent” platformasının “Ali təhsil müəssisələri” bölməsindən ölkədəki bütün ali təhsil müəssisələrinin ətraflı siyahısını və məlumatlarını tapmaq mümkündür. Müxtəlif kateqoriyalar üzrə filtrləmə funksiyası mövcuddur ki, bu da seçim prosesini asanlaşdırır. Məsələn, yataqxana imkanları olan universitetləri, ikili diplom proqramları təklif edən universitetləri, təhsil proqramlarının dili, təhsil haqları və daha çoxunu bu bölmədə asanlıqla müəyyən etmək olur. Hər bir universitet haqqında ətraflı məlumatlar, qəbul şərtləri, fakültələr və proqramlar kimi vacib məlumatlar da daxil olmaqla təqdim edilir.
“Qəbul imtahanlarının təhlili” bölməsində isə son 3 il ərzində keçirilmiş qəbul imtahanları haqqında geniş məlumatlar təqdim olunur. İmtahan nəticələrinin təhlili illər üzrə qəbul statistikalarını, ixtisasların keçid ballarını və yer saylarını ətraflı şəkildə öyrənməyə imkan verir. Həmçinin, hansı ixtisasların daha tələbatlı olduğunu və bu ixtisaslar üzrə qəbul şanslarını müəyyənləşdirir. Bu məlumatlar qəbul strategiyasını daha yaxşı planlaşdırmaq və ən uyğun ixtisası seçmək üçün dəyərli məlumatlar təqdim edir. Təhlil vasitəsilə abituriyentlər öz bal səviyyələrinə uyğun ixtisasları və universitetləri asanlıqla müəyyən edə bilərlər, bu da gələcək təhsil və kariyera yolunu planlaşdırmaqda köməkçi funksiyası daşıyır.
Platformanın “Ağıllı kodlaşdırma məsləhətçisi” bölməsində ixtisas seçimi zamanı veriləcək qərarı asanlaşdırmaq üçün texnologiyanın gücündən istifadə edir. Son 3 ilin qəbul imtahanları nəticələri, universitetlər, ixtisaslar, toplanılan bal və digər vacib parametrləri nəzərə alaraq, kodlaşdırma prosesini saniyələr içində həll edir. Bu innovativ alət bir neçə variantda kodlaşdırma cədvəli yaratmaq imkanı verir. Beləliklə, fərqli ssenariləri nəzərdən keçirərək, ən uyğun və məqsədəuyğun ixtisas seçimi etmək mümkündür. Canlı ekspertlərlə müqayisədə, burada eyni ödəniş daxilində bir neçə ssenari qurmaq imkanı var.
Platforma istifadəçilərin məlumatlarını qorumaq üçün güclü şifrələmə və təhlükəsizlik tədbirləri istifadə edir. Məlumatların məxfiliyi və təhlükəsizliyi qorunur.
Qeyd edək ki, platformadan istifadə üçün sa.edurobot.ai ünvanına daxil olmaq lazımdır.