Astana. Trend:
Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qlobal təşkilata çevrilməsi üçün hər şeyi edəcək.
Trend xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Astanada "ŞƏT+" formatında keçirilən iclasda deyib.
"Belarus ŞƏT-ə tamhüquqlu üzv olmaqdan çox qürur duyur. Təşkilatın qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərinə əsaslanan Şanxay ruhunu gücləndirəcəyik. Biz Avropa ölkəsi olaraq ŞƏT-in qlobal təşkilata çevrilməsi üçün hər şeyi edəcəyik. Sizi inandırıram ki, Belarus daima təşkilatımızda təbliğ olunan humanist prinsipləri rəhbər tutacaq. Minsk burada təmsil olunan paytaxtlar arasında öz layiqli yerini tutacaq", - o deyib.
Aleksandr Lukaşenko çıxışında Belarusun ŞƏT-ə üzvlüyünə dəstəyə görə minnətdarlığını bildirib.
"Bizim üçün bu, ciddi və düşünülmüş addımdır. ŞƏT-in dünya siyasətindəki rolunun hər il necə gücləndiyini görürük. Sizi inandırıram ki, təşkilatımızın dünyadakı çəkisinin və nüfuzunun daim artması üçün əlimizdən gələni edəcəyik", - deyə o vurğulayıb.
Onun fikrincə, qlobal siyasətdəki çağırışlara ən yaxşı cavab ŞƏT-ə üzv ölkələrin vəhdəti əvə birliyi olacaq.
Lukaşenko həmçinin, ŞƏT-in bütün hərtərəfli gündəliyi üzrə praktiki qarşılıqlı fəaliyyəti gücləndirməyi təklif edib.
"Maliyyədən başlamağı təklif edirəm. Belarus milli valyutalarda ikitərəfli ödənişlər mexanizminin və ŞƏT-in kollektiv maliyyə institutunun yaradılmasını prioritet məsələ olaraq nəzərdən keçirir", - deyə o qeyd edib.
O, Belarusun ŞƏT-ə üzv ölkələrin müxtəlif istiqamətlər üzrə ümumi səylərinə əlindən gələn töhfəni verməyə hazır olduğunu qeyd edib.
"Belarus ŞƏT-ə üzv ölkələrin sənaye, ticarət, elm, mədəniyyət, təhsil və əlbəttə ki, ərzaq təhlükəsizliyi, eləcə də kənd təsərrüfatı kimi istiqamətlər üzrə ümumi səylərinə mümkün töhfə verməyə hazırdır", - deyə\ Aleksandr Lukaşenko əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
(Tərcümə: Rəna Əbdürəhmanova)