Bakı. Trend:
Azərbaycanın geosiyasi və geoiqtisadi proseslərin mühüm aktorları ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini inkişaf etdirməsi, bu istiqamətdə son bir neçə il ərzində, qlobal müstəvidə ziddiyyət və qarşıdurmalarla müşaiyət əldə olunan zaman kəsiyində əldə olunan nailiyyətlər Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının uğurla həyata keçirildiyinin sübutudur.
Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Azərbaycan öz maraqları və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərindən dünyaya açılır.
"Bu xüsusda Azərbaycanın Avropanın, Cənubi və Şimali Amerikanın ayrı-ayrı dövlətləri ilə yanaşı, Avrasiyanın regional və qlobal iqtisadi-siyasi güc mərkəzləri ilə münasibətlərini yüksələn xətlə irəliyə doğru aparması, Afrikanın, eləcə də hazırda qlobal iqtisadi-siyasi proseslərin əhatəsindəki və ölkəmiz üçün ənənəvi olmayan digər region və subregionlarda yerləşən ölkələrlə qarşılıqlı dialoqu və əməkdaşlığı intensivləşdirməsi, təkcə bizim üçün deyil, bütövlükdə bölgəmiz üçün böyük perspektivlər vəd edir.
Əgər bir sıra Qərb dairələrinin, xüsusilə də Fransanın ölkəmizi qlobal proseslərdən kənarda qoymaq cəhdlərini və bu istiqamətdə aşırı aqressivliklə müşaiyət olunan bir siyasət yürütdüyünü də nəzərə alsaq, əldə olunan nəticələrin nə qədər böyük bir potensial və diplomatik məharət hesabına başa gəldiyini müəyyənləşdirə bilərik", - o deyib..
E. Mirzəbəyli qeyd edib ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və bu təsisatın ən mühüm ölkələrindən biri olan Çin Xalq Respublikası ilə münasibətlərinin inkişafında nəzərə çarpan yüksək dinamizm rəsmi Pekinin ölkəmizə və onun liderinə münasibətdə nümayiş etdirdiyi yüksək inam və etimadın bariz nümunəsidir.
"Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ümumi ərazisi iki qitənin – Avropa və Asiyasın 65 faizini, əhalisi isə dünya əhalisinin az qala yarısını təşkil edir. ŞƏT, hətta müşahidəçi və dialoq üzrə tərəfdaşlar nəzərə alınmasa, dünyanın ən zəngin təbii resurslarının yerləşdiyi coğrafiyanı əhatə edir. Dünya ÜDM-nin ¼%-i ŞƏT üzvü olan ölkələrin payına düşür. Bu isə 23 trillion ABŞ dolları deməkdir. Prezident İlham Əliyevin qısa zaman kəsiyində, artıq ikinci dəfə ŞƏT-in Zirvə Toplantısına dəvət alması, Azərbaycana, təkcə coğrafi mövqeyinə, regional və qlobal proseslərdə oynadığı rola görə deyil, həm də ilk növbədə Prezident İlham Əliyevin nüfuzuna, yüksək liderlik keyfiyyətlərinə verilən dəyər kimi qəbul olunmalıdır. Böyük sənaye, elmi və innovativ potensiala malik olan Azərbaycanın hazırda və yaxın gələcəkdə ŞƏT platforması vasitəsilə həyata keçirilən qarşılıqlı faydalı infrastruktur layihələrində, o cümlədən nəqliyyat, logistika və enerji sahələrində yaxından iştirak etmək imkanı var. Ölkəmiz sənaye, elm, təhsil, turizm və humanitar fəaliyyət sahələrində əməkdaşlığa tam açıqdır.
Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş Azərbaycan-Çin birgə Bəyannaməsi, çox mühüm və tarixi əhəmiyyət kəsb edən sənəddir. Qlobal proseslərdə məsuliyyət amilini hər zaman önə çəkən Çin Xalq Respublikası, həm beynəlxalq, həm də ikitərəfli münasibətdə özünəməxsus baxış bucağına sahibdir. Çin öz strateji tərəfdaşlarını olduqca ehtiyatla seçir və öhdəliklərinə böyük məsuliyyətlə yanaşır. İki ölkə arasındakı bağların möhkəmlənməsinə xidmət edən amillərdən biri və bəlkə də birincisi, qənaətimə görə, Azərbaycanın da öz öhdəlikllərinə və tərəfdaşları ilə münasibətlərində yüksək məsuliyyət hissi və həssaslıqla yanaşmasıdır.
Birgə Bəyannamədə Azərbaycanla Çinin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab etdiklərinin vurğulanması da, istisnasız olaraq, hər iki ölkənin milli mənafeni əsas götürməklə yanaşı, xarici təsirlərdən asılı olmadıqlarını, müstəqil, qarşılıqlı maraqlara, ədalət psrinsiplərinə söykənən siyasət yürütdüklərini nümayiş edirir. Bu xüsusda Bəyannamədə yer alan digər məqam - tərəflərin BMT himayəsi altında beynəlxalq sistemi dəstəklədiklərini, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət etdiklərini, hegemonluğa və güc siyasətinə qarşı olduqlarını, real çoxtərəfliliyə sadiq qaldıqlarını vurğulamaları, Bakı və Pekinin bəşəriyyətin təhlükəsiz gələcəyi ilə bağlı ortaq baxış bucağına sahib olduqlarını göstərir.
Bəyannamədə iqtisadi müstəvidə yer alan ən önəmli istiqamətlər isə, düşünürəm ki, “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığı dərinləşdirilməsi və Çinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etmək niyyətinin vurğulanmasıdır.
Bütövlükdə sənəd eyni zamanda, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən və həyata keçirilməsi nəzərə tutulan layihələrə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə Çin kimi daim inkişafda olan dünya nəhənginin dəstəyi kimi dəyərləndilə bilər.
Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün nəticəsi olaraq, ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq", - deyə siyasi şərhçi əlavə edib.
Siyasi təhlilçi Aqşin Kərimovun sözlərinə görə, Çin geosiyasi dağınıqlar arasında yeni dünya nizamını həyata keçirən qüdrətli dövlətdir.
"Azərbaycanla Çinin “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul etməsi rəsmi Bakı ilə Pekinin yeni dünya nizamında qarşılıqlı maraqlarını inkişaf etdirməyi, iqtisadi əməkdaşlıqları dərinləşdirməyi, təhlükəsizlik mühitinə ikitərəfli vahid yanaşmaları əks etdirir", - o vurğulayıb.
Ekspert deyib ki, Azərbaycanın “Vahid Çin” siyasətinə və Tayvanın hər hansı müstəqilliyinin yolverilməzliyinə dair sənəddə göstərdiyi mövqe və Pekinin Azərbaycanın Ermənistanla formalaşdırdığı sülh gündəliyinə dəstəyi müştərək prioritetləri qabağa aparacaq.
“Bu onu deməyə şərait yaradır ki, artıq Azərbaycan regional
siyasətindən kənara çıxan strategiyanı həyata keçirir. Bu, Çinin
Asiyadakı maraq və gündəliyinə dəstəyi ifadə edən prioritetlər
şəklində üzə çıxa bilər.
Çin isə Cənubi Qafqazda iqtisadi genişlənmə ilə yanaşı geosiyasi
məsələlərdə rol alır və bu strategiyasını Azərbaycan üzərindən
qurur. Proqnozlaşdırmaq olar ki, Çinin bölgədəki iqtisadi portfeli
ilə yanaşı diplomatik-siyasi təsirləri genişlənəcək”,- deyə A.
Kərimov əlavə edib.
O qeyd edib ki, Çin ölkələrin digər ölkələrin daxili siyasətinə qarışmaqdan çəkindiyi çoxqütblü dünya nizamını hədəfləyir.
"Bu, Azərbaycanın maraqlarına cavab verən yanaşmadır və nəzərə almaq mütləqdir ki, daxili işlərə qarışmamaq barədə Bəyannamədə də əks olunub.
Bəyannaməni başqa bir prizmadan – qlobal güc qarşıdurmasından – da təhlil edib. Onun sözlərinə görə, Çin əmindir ki, ABŞ üzərinə götürdüyü hərbi, diplomatik və mənəvi məsuliyətlərin öhdəsindən gələ bilmək potensiallarından məhrum olur.
Üstəlik, Rusiya-Ukrayna müharibəsi ilə Rusiyanın da mövqelərində böyük zəifləmələrin müşahidə olunacağını istisna etmir.
Çin həmin prizmalardan yanaşaraq başqa beynəlxalq aktorların Cənubi Qafqazdakı hegemonluq iddiaları önündə alternativlər yaratmağı hədəfləyə bilər. Pekinin belə gündəliyi Azərbaycana Ermənistanla sülh müqaviləsi layihəsini yekunlaşdırmaq və təhlükəsizlik arxitekturasını formalaşdırmaqda Çinin dəstəyini artıracaq”,- deyə A. Kərimov fikrini yekunlaşdırıb.