Bakı. Trend:
UFC-nin keçmiş ikiqat çempionu, 37 yaşlı irlandiyalı Konor Makqreqor dində qurtuluş tapdığını və buna görə də MMA karyerasına qayıtmağa hazırlaşdığını açıqlayıb.
Trend xəbər verir ki, Makqreqor Tanrının yolunu izləyərək xilas olduğunu bildirib.
O, "AgFight" nəşrinə verdiyi açıqlamada deyib:
“Mən burada təsadüfi deyiləm. Mənim və hər birimizin yolunu müəyyən edən daha yüksək bir güc var. Mən Tanrının sözü ilə yaşayıram. İştirak etdiyim son turnirdən sonra mənəvi səyahətə başladım və indi inanıram ki, xilasa nail oldum.
İndi bu dünya xüsusi bir şey gözləyir. Bir vaxtlar ürəyimdə yanan rəqabət odu yenidən alovlanır. Buna görə də çox ilhamlanmışam və həyəcanlıyam.
Özümü toparlamalı idim və bunu etdim. MMA-da insanlara miras qoymaq istəyirəm. Hazırda karyeramın elə bir mərhələsindəyəm ki, geri qayıtmağa və qabiliyyətlərimi göstərməyə hazırlaşıram.”
Makqreqor 66 kq və 70 kq çəki dərəcələrində çıxış edib və dünya üzrə milyonlarla azarkeş tərəfindən tanınır.
