Bakı. Trend:
Avropa İttifaqına (Aİ) üzv ölkələr sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyətinin tətbiqini müzakirə edirlər.
Trend xəbər verir ki, bu barədə Brüsseldə keçirilən sammitdə qəbul edilmiş bəyanatda məlumat verilib.
Bəyanatda qeyd olunur ki, yetkinlik yaşına çatmayanların rəqəmsal mühitdə qorunması məqsədilə yaş məhdudiyyətinin tətbiqi hər bir üzv dövlətin milli səlahiyyətlərinə hörmət əsasında həyata keçirilməlidir. Buna görə də məsələ müəyyən qədər vaxt aparacaq.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, xüsusi ekspert qrupu ilin sonuna qədər bu məsələnin ən uyğun tənzimləmə forması barədə tövsiyələr hazırlayacaq. O, dünyada bu sahədə ilk nümunə kimi ötən ilin noyabrında Avstraliyada 16 yaşdan aşağı yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəyə qadağa qoyulmasını göstərib.
