Bakı. Trend:
Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna daxil olmuş dörd investisiya ərizəsinə artıq baxılıb və onlar ilkin olaraq təsdiq cavabı alıblar.
Bunu Trend-ə Qırğızıstanın İqtisadiyyat və Kommersiya naziri Bakıt Sıdıkov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclası çərçivəsində bildirib.
“İkili fondlara gəlincə, onlardan biri artıq fəaliyyət göstərir və hazırda dinamik şəkildə işini davam etdirir – bu, Azərbaycan-Qırğız İnkişaf Fondudur (AQİF). Dörd investisiya müraciətinə artıq baxılıb və ilkin təsdiqini alıb”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, hazırda fondun kapitalının 100 milyon dollara qədər artırılması istiqamətində iş aparılır. Hazırda kapital 25 milyon dollar təşkil edir.
Sıdıkov qeyd edib ki, yaxın zamanda Türk İnvestisiya Fondunun iclasının da Bişkekdə keçirilməsi planlaşdırılır.
“Mən fürsətdən istifadə edib iş adamlarımıza, Azərbaycan-Qırğız birgə müəssisələrinə və azərbaycanlı investorlara müraciət etmək istəyirəm: bu iki fonda, xüsusilə də Azərbaycan-Qırğız İnkişaf Fonduna diqqət yetirin. Əgər siz Qırğızıstan, Azərbaycan və ya üçüncü bir ölkə ərazisində investisiya layihəsi həyata keçirməyi planlaşdırırsınızsa, AQİF həmin layihənin maliyyələşdirilməsi məsələsinə baxacaq”,- Sıdıkov əlavə edib.
