Bakı. Trend:
Almaniyanın lüks avtomobil istehsalçısı “Porsche” 2025-ci ilin üçüncü rübündə təxminən 1 milyard avro zərər etdiyini açıqlayıb.
Trend xəbər verir ki, bu proqnozlaşdırılandan çox olan itki şirkət tərəfindən strateji yenidənqurma prosesi ilə izah edilib.
Yanvar-sentyabr aylarında konsernin əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 99 faiz azalıb və 4 milyard avrodan 40 milyon avroya düşüb. Təkcə üçüncü rübdə 967 milyon avro əməliyyat itkisi qeydə alınıb.
Şirkət xüsusilə Çində satışların azalması və lüks avtomobil bazarının iqtisadi zəifliyi səbəbindən böyük çətinliklərlə üzləşib. ABŞ-ın yüksək idxal rüsumları da zərərlərə təsir göstərib.
Bununla yanaşı, strateji istiqamətin dəyişdirilməsi əlavə xərclər yaradıb. “Porsche” planlaşdırılmış elektrik platformasının tətbiqini təxirə salıb, batareya istehsalını dayandırıb və daxiliyanma mühərrikli modellərə daha çox diqqət ayırır.
Qazancın kəskin azalmasına baxmayaraq, şirkətin gəliri və satış həcmi cəmi 6 faiz azalıb. 2025-ci ilin sentyabrınadək “Porsche” 212 min avtomobil sataraq 27 milyard avro dövriyyəyə nail olub.
