...

2026-2030-cu illəri əhatə edən Çərçivə sənədi Azərbaycan-BMT tərəfdaşlığında yeni mərhələdir - Ceyhun Bayramov (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2025 20:17 (UTC +04:00)
2026-2030-cu illəri əhatə edən Çərçivə sənədi Azərbaycan-BMT tərəfdaşlığında yeni mərhələdir - Ceyhun Bayramov (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Bakıda BMT-nin yaranmasının 80 illiyinə həsr olunmuş tədbirdə çıxış edib.

Trend bu barədə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Nazir Ceyhun Bayramov çıxışında BMT-nin çoxtərəfli diplomatiyanın əsas dayaqlarından biri kimi mühüm rolunu vurğulayaraq, təşkilatın 80 illiyi münasibətilə təbriklərini çatdırıb.

O, Azərbaycanın BMT-nin fəal və məsuliyyətli üzvü kimi qurumun əsas orqanlarında, o cümlədən 2012–2013-cü illərdə Təhlükəsizlik Şurasında, həmçinin üç dəfə İqtisadi və Sosial Şurada təmsil olunduğunu qeyd edib.

Nazir Azərbaycan Respublikasının qlobal arenada artan nüfuzunun və liderliyinin BMT-nin əsas təşəbbüslərinə verdiyi töhfələrlə daha da möhkəmləndiyini diqqətə çatdırıb. Bu kontekstdə Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, 2016-cı ildə Sivilizasiyalar Alyansının Qlobal Forumuna və 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi xüsusi qeyd olunub.

2026-cı ildə Azərbaycan iki mühüm BMT tədbirinə – BMT-nin şəhərsalma üzrə əsas platforması olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyi xatırlanıb. Bu tədbirlərin iqlim fəaliyyəti və davamlı urbanizasiya arasındakı qarşılıqlı əlaqəni vurğulayaraq Azərbaycanın yaşıl enerji keçidinə və qlobal iqlim diplomatiyasındakı aparıcı roluna sadiqliyini nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın BMT-nin Qlobal Gündəliyi ilə tam uzlaşaraq Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi, rəqəmsal innovasiyaların tətbiqi, qadınların və gənclərin hüquq və imkanlarının artırılması, humanitar təşəbbüslər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyini qeyd edib.

2021–2025-ci illəri əhatə edən Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin icrasının uğurla yekunlaşdırıldığı, bu gün imzalanan 2026–2030-cu illər üzrə yeni sənədin Azərbaycan-BMT tərəfdaşlağında yeni mərhələnin başlanğıcını qoyacağı bildirilib.

Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətindəki atılan mühüm addımlardan danışıb.

Nazir 8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və digər əldə olunmuş tarixi razılıqların regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələ olduğunu qeyd edib.

Nitqinin sonunda Nazir Ceyhun Bayramov tərəfdaşlığı gücləndirərək yeni əməkdaşlıq istiqamətlərini araşdırmağa və daha sülhsevər, ədalətli və dayanıqlı dünya qurmaq üçün birgə səyləri artırmağa çağırış edib.

Tədbirin yekununda 2026–2030-cu illər üzrə Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti