Bakı. Trend:
Biz də istəyirik ki, müəllimlərin əməkhaqqı artsın.
Trend xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin bugünkü iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
O bildirib ki, sertifikatlaşdırma prosesi yekunlaşdıqdan sonra müəllimlərin əməkhaqqında ciddi artım olub:
“Əməkhaqqı artımı ümumtəhsil sistemində dərs saatlarına bağlıdır. Kimin dərs saatı çoxdursa, onun əməkhaqqı daha çoxdur.
Dərs saatlarının bölgüsünə diqqət yetirsək, 24 dərs saatı olan müəllimlərin sayı 30,6 faizdir, 29,4 faizinin dərs saatı 24-dən çoxdur. Onların əməkhaqqı 1300-1500 manat arasında dəyişir”.
Nazir müavini əlavə edib ki, müəllimlərin orta aylıq əməkhaqqı 1000 manata yaxındır.
“Sertifikatlaşdırma prosesi yekunlaşdıqdan sonra əməkhaqqında artımlar olacaq. Növbəti mərhələdə müəllimlərin əməkhaqqının artırılmasının digər həll yollarını düşünürük. Bu barədə təkliflərimizi təqdim edəcəyik", - deyə nazir müavini qeyd edib.
