Bakı. Trend:
Azərbaycan və Qırğızıstan neft tədarükü ilə bağlı perspektivləri müzakirə edirlər.
Bunu Trend-ə bu gün Qırğızıstanın İqtisadiyyat və Kommersiya naziri Bakıt Sıdıkov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclası çərçivəsində bildirib.
“Azərbaycanla bu istiqamətdə ümumi müzakirələr aparılır. Biz, iqtisadiyyat naziri olaraq, iqtisadi tərəfi nəzarətdə saxlayırıq, çünki söhbət yanacaq və enerji sahələrindən gedir. Əlavə məsləhətləşmələr müvafiq nazirliklərlə aparılmalıdır”, - nazir qeyd edib.
Sıdıkov həmçinin bildirib ki, yaxın vaxtlarda Türk İnvestisiya Fondunun iclasının keçirilməsi planlaşdırılır. “Ümumi razılıq əldə olunarsa, görüş ilin sonuna qədər Bişkekdə keçiriləcək. Orada investisiya siyasətinin əsas məsələləri müzakirə olunacaq: hansı sahələr prioritet olacaq, investisiyalar kimlərə və hansı maliyyə şərtləri altında veriləcək. Söhbət formal qoruyucu tədbirlərdən yox, fondun strateji sənədlərindən gedir”.
Nazir əlavə edib ki, artıq Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) fəaliyyət göstərir və fəal iş aparır: “Dörd investisiya ərizəsinə artıq baxılıb və ilkin olaraq təsdiqlənib. Hazırda fondun kapitalının 100 milyon dollara artırılması istiqamətində iş aparılır. Hazırda 25 milyon təşkil edir və yaxın zamanda artırılması gözlənilir”.
