Bakı. Trend:
Türk dövlətləri arasında startaplar və innovasiyalar sahəsində əməkdaşlıq üzrə Platformanın yaradılmasını təklif edirik.
Trend xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasının gedişində bildirib.
“Türk dövlətlərinin startaplar sahəsində birgə fəaliyyətini təşviq etmək, innovativ ideyaların reallaşdırılmasını təmin etmək və regional bazarlara çıxışı genişləndirmək məqsədilə startaplar və innovasiyalar üzrə əməkdaşlıq üçün yeni bir format – Türk Dövlətlərinin Startaplar və İnnovasiyalar üzrə Əməkdaşlıq Platformasının yaradılmasını təklif edirik”, - deyə nazir qeyd edib.
M.Cabbarovun sözlərinə görə, bu platforma innovasiyalar, startaplar və rəqəmsal iqtisadiyyat sahələrində üzv ölkələr arasında əməkdaşlığın əlaqələndirilməsini təmin edəcək, həmçinin biliklərin, təcrübənin və texnoloji resursların mübadiləsi üçün vahid mexanizm rolunu oynayacaq.
“Bu təşəbbüs regionda innovativ inkişafı sürətləndirəcək və gənc sahibkarların potensialını reallaşdırması üçün yeni imkanlar yaradacaq”, – nazir əlavə edib.
