Bakı. Trend:
SOCAR-ın və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyəti təmsilçilərinin Karbamid zavoduna səfəri təşkil olunub.
Trend xəbər verir ki, qeyri-hökumət təşkilatları nümayəndələri ilə zavodun akt zalında keçirilən görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Karbamid zavodunun direktoru Kutay Durnanın, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın və SOCAR-ın Sosial məsuliyyət Departamenti rəisi Əsəd Məmmədovun çıxışları dinlənilib. Çıxışlarda 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulan, 2019-cu ildə dövlətimizin başçısının iştirakı ilə açılışı olan Karbamid zavodunun qeyri-neft sektorunun aparıcı və ən uğurlu layihələrindən biri olduğu bildirilib, müəssisənin fəaliyyəti, istehsal prosesi və ekoloji təhlükəsizlik standartları barədə qonaqlara ətraflı məlumat verilib. Həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə SOCAR arasında səmərəli əməkdaşlıqdan bəhs edilib, ənənəvi olaraq təşkil olunan bu cür səfərlərin, keçirilən görüşlərin vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın fəaliyyəti barədə məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulanıb.
Karbamid zavodunun istehsalat üzrə direktoru Şöhrət Mirzəyev müəssisənin fəaliyyəti və əldə olunan nailiyyətlərdən bəhs edən təqdimatla çıxış edib.
Daha sonra vətəndaş cəmiyyəti təmsilçiləri üçün Karbamid zavodunun ərazisinə tur təşkil olunub.
Tədbir çərçivəsində, həmçinin QHT nümayəndələrinin iştirakı ilə Karbamid zavodunun ərazisində ağacəkmə aksiyası təşkil olunub.
Sonda ailə fotosu çəkdirilib.