Bakı. Trend:
Trans-Adriatik Boru Kəməri (TAP) bu müddətdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində strateji rolunu təsdiqləyərək, ölkəmizin etibarlı enerji tərəfdaşı kimi nüfuzunu gücləndirdi və yeni bazarlara inteqrasiyasına geniş imkanlar açdı.
Bunu Trend-in TAP kommersiya istismarının başlamasının beşilliyi ilə əlaqədar verdiyi sorğuya cavab olaraq Azərbaycanın Energetika Nazirliyindən bildiriblər.
“TAP sayəsində Azərbaycan Avropa İttifaqına boru kəməri ilə nəql olunan qazın həcminə görə 7%-lik payla dördüncü ən böyük təchizatçıya çevrildi. İndiyə qədər TAP-la Avropa ölkələrinə 51,2 milyard kubmetr qaz nəql olunub. Bunun 42,9 milyard kubmetri İtaliyaya, 4,9 milyard kubmetri Yunanıstana, 3,4 milyard kubmetri Bolqarıstana tədarük edilib. Bu ilin 9 ayında TAP-la ümumilikdə 8,5 milyard kubmetr qaz təchiz edilib ki, bu həcmlərin 7 milyard kubmetri İtaliya, 0,8 milyard kubmetri Yunanıstan və 0,7 milyard kubmetri isə Bolqarıstanın payına düşüb.”, – nazirlikdən bildirilib.
Nazirlikdə qeyd olunub ki, artıq TAP vasitəsilə təbii qaz alan və təchizat həcmlərinin artırılmasına maraq göstərən ölkələr sırasına İtaliya, Bolqarıstan və Serbiya daxildir.
“TAP vasitəsilə artıq təbii qaz alan və qazın tədarükünü artırmağa maraq göstərən ölkələrə İtaliya, Bolqarıstan və Serbiyanı göstərmək olar. Ümumiyyətlə bir çox Avropa ölkələri bu əməkdaşlıqda daimi maraqlarını vurğulayır. Hazırda TAP-la qazın 2026-cı ildən Albaniyaya təchizatı üzərində müvafiq işlər aparılmaqdadır.
TAP-ın 2026-cı ilədək 1,2 milyard kubmetr həcmində genişlənməsi 2024-cü ilin yanvarında təsdiqlənmişdir. Həmin dövrdən başlayaraq ölkəmizin hasilat strategiyasında müvafiq uyğunlaşdırmalar aparılmışdır. TAP kəmərinin genişlənməsi ilə əlavə qaz həcmlərinin nəqlinə imkan yaranacaqdır ki, bu da öz növbəsində Azərbaycan qazı təchiz edilən ölkələrin sayının artmasına, başqa sözlə, təchizat şəbəkəsinin daha da genişlənməsinə gətirib çıxaracaqdır”, - məlumatda bildirilir.
Nazirlikdən xatıladıblar ki, 2022-ci ildən Azərbaycan Respublikasının Energetika Nazirliyi və Avropa Enerji Komissarının həmsədrliyi ilə Yüksək Səviyyəli Enerji Dialoqu həyata keçirilir. Cənub Qaz dəhlizinin genişləndirilməsi və tədarük həcmlərinin artırılması dialoqun prioritet mövzularındandır.
“Bu kontekstdə, Azərbaycan bu illər ərzində öz imkanlarını səfərbər edərək nəinki TAP-ın maksimum güclə işləməsinə, həmçinin Avropaya qaz tədarükünün 60%-ə yaxın artmasına, Türkiyə və Bolqarıstan üzərindən TAP üzvü olmayan ölkələrə də qaz təchizatına nail olub. Avropaya qaz tədarükünün daha da artırılması perspektivləri birbaşa Avropa İttifaqının siyasətindən asılıdır.”-deyə nazirlikdən bildiriblər.
TAP-la hidrogen nəqli məsələsinə gəlincə, nazirlikdən vurğulayıblar ki, hal-hazırda hazırda bunun texniki cəhətdən mümkünlüyünün qiymətləndirilməsi aparılmaqdadır.
“Ölkə üzrə aşağı karbonlu hidrogenin istehsalı, nəqli, paylanması və ixracı istiqamətində “Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması” aparılıb və “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi” hazırlanıb.
Bu çərçivədə hidrogen istehsalı üzrə ssenarilər, potensial ixrac marşrutları və o cümlədən boru kəmərləri vasitəsilə hidrogenin ötürülməsi imkanları nəzərdən keçirilib Hazırda Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə hidrogen nəqlinin texniki cəhətdən mümkünlüyü qiymətləndirilir.”,-deyə qeyd olunur.
