Bakı. Trend:
Gələn il üzrə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlara 4,173 milyard manat sərf ediləcək.
Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd olunub ki, 2026-cı ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na 3,5 milyard manat, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə nəzərdə tutulmuş tədbirlərə 620,170 milyon manat, “2023–2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"na 33,684 milyon manat, "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası"na 5,840 milyon manat, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na 5 milyon manat, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”na 5 milyon manat, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına 3,666 milyon manat, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na 100 min manat ayrılacaq.