Bakı. Trend:
Qaz İxrac Edən Ölkələr Forumunun (QİÖF) məlumatına görə, 2025-ci ilin sentyabr ayında Azərbaycan illik ifadədə Avropaya qaz tədarüklərini artırmış yeganə ölkə olub.
Trend təşkilatın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk doqquz ayı ərzində Avropa İttifaqına boru kəməri ilə nəql olunan qazın ümumi idxalı 106 milyard kubmetr təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azdır.
Ümumi idxal həcminin təxminən 60 faizi Norveçin payına düşüb, Əlcəzairin payı isə 21 faizə qədər artıb.
Hazırda Azərbaycan təbii qazı 14 ölkəyə ixrac edir və boru kəməri ilə qaz tədarükündə dünyanın aparıcı ölkələrindən biri kimi mövqeyini qoruyur.
Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 38,2 milyard kubmetr təbii qaz hasil edilib. Bu həcmin 10,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan, 20,9 milyard kubmetri “Şahdəniz” yatağından, 1,2 milyard kubmetri “Abşeron” yatağından, 5,9 milyard kubmetri isə SOCAR tərəfindən işlənilən yataqlardan əldə olunub.
Eyni dövrdə Azərbaycan ümumilikdə 18,3 milyard kubmetr qaz ixrac edib. Bunun 9,4 milyard kubmetri Avropaya, 7,3 milyard kubmetri Türkiyəyə (o cümlədən 4,3 milyard kubmetri TANAP vasitəsilə) və təxminən 1,6 milyard kubmetri Gürcüstana göndərilib.