Bakı. Trend:
2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin proqnoz göstəricisi (cəmi 7992,88 mln. manat) 2025-ci ilin təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 10,85 faiz və ya 782,35 mln. manat çox nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, 2026-cı il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi (1101,6*100/1009,2=109,2 faiz) nəzərə alınıb. Əmək pensiyalarının proqnozunun hesablanması zamanı 2025-ci ilin sonuna pensiyaların aylıq məbləğinin 602,0 mln. manat olacağı, eləcə də pensiya məbləğlərində aylıq dəyişkənlik dinamikası nəzərə alınaraq 2026-cı ildə pensiya xərclərinin 7992,88 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2 faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 635,59 mln. manatadək olması gözlənilir.
Nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində dəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi 1 faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri təqribən 72,0 mln. manat ətrafında gözlənilir.
2026-cı ildə orta pensiya məbləğinin 2025-ci ildə gözlənilən 537,0 manat məbləğindən təqribən 7,9 faiz artmaqla 579,2 manat ətrafında məbləğ təşkil edəcəyi proqnozlaşdırılır.