Bakı. Trend:
2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının
300 manat olması nəzərdə tutulur. Yeni ehtiyac meyarının
müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin
artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq:
"Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə
ünvanlı sosial yardıma müraciət edə biləcək.
Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq
gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1425 manat (5 nəfər X
285 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin
xərci ilə gəliri arasındakı fərq 525 manat (1425 manat- 900 manat)
olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu
halda o proqram çərçivəsində ayda dövlətdən 525 manat yardım ala
bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün
ehtiyac meyar gələn ildən 1500 manata yüksəlir (5 nəfər X 300
manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı
aylıq yardım 525 manat deyil, 600 manat (1500 manat- 900 manat)
olur".
"Hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq",- deputat əlavə edib.