...

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb - Kamaləddin Qafarov

Siyasət Materials 23 Oktyabr 2025 11:20 (UTC +04:00)
Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb - Kamaləddin Qafarov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Astanada səsləndirdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin sarsılmaz əsaslara söykəndiyini bir daha nümayiş etdirdi.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin sözlərində həm siyasi uzaqgörənlik, həm də regional əməkdaşlığa verilən yüksək dəyər aydın şəkildə hiss olunur. “Dövlətimizin başçısı Qazaxıstanın inkişafını və Prezident Kasım-Jomart Tokayevin modernləşmə siyasətini yüksək qiymətləndirərək bildirdi ki, Qazaxıstan bu gün regionda etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən güclü dövlət kimi möhkəmlənib. Prezident İlham Əliyevin bu fikirləri, əslində, Türk dünyasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq modelinin möhkəmlənməsinə verdiyi töhfədir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətləri sadəcə siyasi yaxınlıq deyil, həm də bu proses dərin mənəvi bağlara söykənir: “Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, ən çətin dövrlərdə Azərbaycan həmişə Qazaxıstanın dəstəyini hiss edib. Bu, xalqlarımızın dostluğunun söz yox, əməl üzərində qurulduğunu göstərir.

Dövlətimizin başçısının çıxışında sülh mövzusu da mühüm yer tutur. Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımların səmimiliyini və praktiki nəticələrini diqqətə çatdırdı. Qazaxıstanın Ermənistana taxıl tranziti buna real nümunədir. Azərbaycan bu addımı atmaqla sülhün kağız üzərində deyil, real həyatda da təcəssüm tapmasına şərait yaradıb. Dövlət başçısının fikrincə, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq artıq regional deyil, qlobal əhəmiyyət kəsb edir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr həm iqtisadi inteqrasiyanı, həm də siyasi sabitliyi möhkəmləndirəcək. Beləliklə, Prezident İlham Əliyevin bəyanatı qardaşlıq, əməkdaşlıq və sülh fəlsəfəsini özündə birləşdirən mühüm siyasi sənəddir. Bu çıxış Azərbaycanın regionda sabitlik, tərəfdaşlıq və inkişaf xəttinə sadiqliyinin bariz nümunəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti