Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 970,6 milyon dollar təşkil edib.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,43 faiz çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,2 faiz payla Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra 6-cı yerdə qərarlaşıb.
Qeyd olunan dövrdə Gürcüstandan Azərbaycana 529,9 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da illik müqayisədə 2,6 faiz azdır. Azərbaycan Gürcüstanın ixracında 10,3 faiz payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan, Qazaxıstan və Rusiyadan sonra 4-cü yerdə qərarlaşıb.
Gürcüstanın Azərbaycandan idxalı etdiyi məhsulların həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 440,7 milyon dollara yüksəlib. Azərbaycan 3,3 faiz payla qonşu ölkənin idxalında ABŞ, Türkiyə, Çin, Rusiya, Almaniya və Böyük Britaniyadan sonra 7-ci əsas idxal tərəfdaşı olub.