Bakı. Trend:
Bu ilin oktyabr 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 34,7%-ə bərabər olub.
Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il eyni dövrünə nisbətən 15,7 faiz bəndi azdır.
Eyni zamanda hesabat dövründə ARDNF-nin investisiya portfelində səhmlərin payı isə 25,8% təşkil edib ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 0,4 faiz bəndi azdır.
Bundan başqa, Fondun investisiya portfelində qızılın payı 17,7%-dən (127 ton) 32,8%-ə (184,8 ton) yüksəlib.
Cari ilin ilk 9 ayında ARDNF-nin investisiya portfelində daşınmaz əmlak və infrastrukturun payı isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz bəndi artaraq 6,7%-ə çatıb.
Hesabat dövrünə ARDNF-nin investisiya portfelinin dəyəri 70,160 milyard ABŞ dolları təşkil edib ki, bu ötən ilin eyni dövrünə nisbətən 9 milyard ABŞ dolları və ya 14,7% artım deməkdir.