Bakı. Trend:
Azərbaycan Respublikasının 2026-cı il üçün icmal büdcəsinin gəlirləri 44,969 milyard manat məbləğində proqnozlaşdırılır ki, bu da 2025-ci ilə nisbətən 1,019 milyard manat və ya 2,3 faiz, xərcləri 48,839 milyard manat olmaqla 2025-ci ilə nisbətən 1,210 milyard manat və ya 2,5 faiz, 2024-cü ilin icrasına nisbətən isə 5,999 milyard manat (14 faiz) çoxdur.
Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 13,032 milyard manat (2025-ci illə müqayisədə 1,420 milyard manat və ya 9,8 faiz az), xərcləri isə 12,974 milyard manat (2025-ci illə müqayisədə 1,622 milyard manat və ya 11,1 faiz az) proqnozlaşdırılır.
Fondun xərclərinin 12,835 milyard manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert, 7,1 milyon manatını “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, 99,2 milyon manatını “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın və 32,8 milyon manatını “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli 673 nömrəli Sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinin maliyyə təminatı ilə bağlı xərclər təşkil edəcək.