Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Tegeta Motors” şirkəti üçün Gürcüstanın paytaxtı Tbilisidə yük avtomobilləri və ağır texnika yönümlü yeni servis mərkəzinin tikintisinə 25 milyon avro həcmində təminatlı prioritetli kreditin ayrılmasını təsdiqləyib.
Trend bu barədə AYİB-ə istinadən xəbər verir.
Qeyd olunur ki, layihənin ümumi dəyəri 31,8 milyon avro təşkil edir.
“Layihə ölkənin avtomobil sektorunun əsas infrastrukturunun inkişafına və mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəlib. “Tegeta Academy” təşəbbüsü çərçivəsində mexaniklər və ağır texnika operatorları üçün təlim imkanları genişləndiriləcək ki, bu da sahədə artan tələbatı qarşılamağa imkan verəcək”, - bank məlumatında qeyd olunur.
Məlumata görə, şirkət AYİB-in dəstəyi ilə korporativ idarəetmə üzrə Kompleks Fəaliyyət Planını həyata keçirəcək. Bunun məqsədi şəffaflığı, direktorlar şurasının fəaliyyətinin səmərəliliyini və beynəlxalq standartlara uyğunluğu artırmaqdır.
AYİB layihənin icrasına ekoloji və sosial aspektlər üzrə illik hesabatlar vasitəsilə nəzarət edəcək, zərurət yarandıqda isə obyektə səfərlər həyata keçirəcək. Bankın maliyyə dəstəyi hüquqi auditin aparılması və korporativ idarəetmənin tətbiqi üçün texniki əməkdaşlıq və qrantları, eləcə də Gürcüstanın avtomobil sənayesində bacarıqların inkişafını əhatə edir”,- məlumatda qeyd olunur.