Bakı. Trend:
Azərbaycanla Serbiya arasında qarşılıqlı ticarət dövriyyəsinin artması, işgüzar missiyaların təşkili və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi iki ölkənin strateji maraqlarına xidmət edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası və Azərbaycan-Serbiya biznes forumunda bildirib.
Nazir vurğulayıb ki, Serbiya Cənub-Şərqi Avropada Azərbaycanın mühüm tərəfdaşıdır: "Qarşıdakı dövrdə iqtisadi, maliyyə, sənaye, turizm, nəqliyyat və enerji kimi sahələrdə birgə layihələrin reallaşması bu əməkdaşlığı daha da genişləndirəcək".
Qeyd olunub ki, hazırda Azərbaycanda 9 Serbiya şirkəti fəaliyyət göstərir, Azərbaycanın aparıcı tikinti şirkətləri Serbiyada iri avtomagistral layihələri uğurla həyata keçirir. S.Babayev bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidənqurulmasında Serbiya şirkətlərinin iştirak marağı məmnunluqla qarşılanır və bu sahədə əməkdaşlıq iqtisadi əlaqələri daha da dərinləşdirəcək.