Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8714,8 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da 2025-ci illə müqayisədə 318,5 milyon manat və ya 3,8 faiz, 2024- cü ilin icrası ilə müqayisədə isə 2152,6 milyon manat və ya 32,8 faiz çoxdur.
Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
2022-ci illə müqayisədə 2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsində xərclərində xüsusi çəkisi 5,7 faiz-bəndi, mütləq ifadədə isə 3818,5 milyon manat və ya 1,8 dəfə artmışdır.
2026-ci ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə 3343,6 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da 2025- ci illə müqayisədə 151,6 milyon manat və ya 4,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 533,8 milyon manat və ya 19,0 faiz çox təşkil edir.
Müdafiə və hüquq mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan vəsait 2026-cı ilin dövlət büdcəsində nəzərə alınmışdır.
2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35,0 milyon manat, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 15,5 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur.
2026-cı ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 494,7 milyon manat təşkil edəcəkdir ki, bu da 2025-ci illə müqayisədə 102,8 milyon manat və ya 26,2 faiz çoxdur.
Həmin vəsaitin 48,5 milyon manatı və ya 9,8 faizi müdafiə və milli təhlükəsizlik xərclərinin (2025-ci illə müqayisədə 5,7 milyon manat və ya 13,4 faiz çox), 446,2 milyon manatı və ya 90,2 faizi isə məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinin (2025-ci illə müqayisədə 96,8 milyon manat və ya 27,7 faiz çox) payına düşür.