Bakı. Trend:
"Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və Qaydası” təsdiqlənib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, aşağıdakı meyarlardan hər birinə cavab verən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) xidmətlər zərfinə daxil edilir:
- rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində
əhalinin ölüm və (və ya) əlillik faizi yüksək olan və (və ya)
sayında davamlı artım müşahidə olunan xəstəliklərin və sağlamlığın
pozulması ilə bağlı digər vəziyyətlərin farmakoterapevtik
müalicəsində və ya xidmətlər zərfində qeyd edilən tibbi xidmətlərin
həyata keçirilməsində istifadə olunması;
- farmakoterapevtik müalicənin dəyərinin rəsmi statistik
göstəricilərə əsasən son 5 (beş) il müddətində həmin
farmakoterapevtik müalicəyə ehtiyacı olan şəxslərin sayı nəzərə
alınmaqla, icbari tibbi sığorta fondunun maliyyə imkanlarına
mütənasibliyi;
- farmakoterapevtik müalicənin sübutlu təbabət prinsiplərinə
uyğunluğu;
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə
sığorta təminatında olması;
- klinik protokollarda mövcudluğu;
- effektiv və təhlükəsiz olması.
Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının
(təsiredici maddələrin adlarının) xidmətlər zərfindən çıxarılması
meyarları aşağıdakılardır:
- yeni və səmərəli farmakoterapevtik müalicə üsullarının
tətbiqi;
- Azərbaycan Respublikasında tətbiqinin qadağan edilməsi;
- bu sənədlə müəyyən edilən meyarlardan ən azı biri ilə
uyğunsuzluğu.
Aşağıdakı meyarlardan hər birinə cavab verən tibb vasitələri
xidmətlər zərfinə daxil edilir:
- xidmətlər zərfində qeyd edilən tibbi xidmətlərin həyata
keçirilməsində istifadə olunması;
- tibb vasitəsinin sübutlu təbabət prinsiplərinə uyğunluğu;
- tibb vasitəsinin effektiv və təhlükəsiz olması.
Tibb vasitələrinin xidmətlər zərfindən çıxarılması
meyarları aşağıdakılardır:
- yeni və səmərəli tibb vasitəsinin tətbiqi;
- tibb vasitəsinin Azərbaycan Respublikasında tətbiqinin qadağan
edilməsi;
- tibb vasitəsinin bu sənədlə müəyyən edilən meyarlardan ən azı
biri ilə uyğunsuzluğu.
Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu Sənədin 2-ci hissəsində qeyd olunan meyarlara uyğunluğu baxımından dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) və tibb vasitələri 5 (beş) ildə bir dəfədən az olmayaraq təhlil olunur və əsaslandırılmış təklif təqdim olunması barədə qərar verilir. Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfindən çıxarılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.