Bakı. Trend:
Oktyabrın 23-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ifadələrin elan olunması ilə davam etdirilir.
Trend xəbər verir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan olunub.
Zərərçəkmiş şəxs qismində dindirilmiş Azad Kamal oğlu Tahirovun elan olunan ifadəsinə əsasən, o, Ermənistanın əsirliyində olarkən Maksim adlı polis əməkdaşının avtomat silahın uc hissəsi ilə onun ağzından möhkəm zərbə vurması nəticəsində dişinin biri qırılıb. Habelə Maksim yanılı vəziyyətdə olan siqareti onun boynuna basmaqla söndürüb. Eyni zamanda, həmin Maksim barabanlı tapançaya bir güllə qoyub fırlatmaqla onunla əsir yoldaşları arasında “ruletka” oyunu oynayıb. Yəni, tapançanı növbə ilə əvvəl onun, sonra Şahlar Qurbanovun başına dirəyərək tətiyi çəkib. İki halda atəş açılmayıb. Lakin Tağı Bayramovun başına tutub tətiyi çəkdikdə isə açılmış atəş nəticəsində sonuncu yerindəcə ölüb. Qətlə yetirilmiş Tağı Bayramovun meyitini Ermənistan hərbçilərinin tələbi ilə çayın kənarına aparıb orada basdırıblar.
Telman Bəbir oğlu Zeynalovun elan olunan ifadəsinə əsasən, o, digər iş yoldaşları ilə birlikdə Cəbrayıl rayonunun Mehdili kəndində açıq sahədə minatəmizləmə əməliyyatını həyata keçirərkən piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.
Növbəti ifadə Bəhruz Tapdıq oğlu Nəsirova aid olub. Onun elan olunan ifadəsinə əsasən, iş yoldaşları ilə birlikdə Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində işğal dövründə Ermənistan tərəfindən əvvəlcədən məqsədli şəkildə basdırılmış minaların təmizlənməsi əməliyyatını icra edərkən mina partlayışı nəticəsində xəsarət alıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.