Bakı. Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumun bağlanış mərasimi keçirilib.
Trend xəbər verir ki, bağlanış nitqi ilə çıxış edən Aİİ-nin rektoru Aqil Şirinov ikigünlük simpoziumun önəmli mövzuya həsr olunduğunu söyləyərək, tədbirdə iştirak edən elm adamlarına təşəkkür edib. Qeyd edib ki, tədbirdə din təhsili sahəsində məruzələr dinlənilib, müasir dünyada din modelləri haqqında aparılan müzakirələr din təhsili sahəsində daha uyğun modellərin təqdim edilməsinə öz töhfəsini verəcəkdir.
Rektor vurğulayıb ki, müzakirələrdən də məlum oldu ki, dini biliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalı, həmçinin müasir dövrün reallıqları da nəzərə alınaraq cəmiyyətə çatdırılmalıdır. Bildirib ki, din təhsilinin düzgün aparılması dinin özünü təhriflərdən qoruyacaq, milli-mənəvi vəhdətin təmin edilməsinə töhfə verəcək, cəmiyyəti radikal dini tendensiyalardan sığortalayacaq.
Daha sonra çıxış edən MDTF-nin icraçı direktoru Vüsal Göyüşov beynəlxalq simpoziumun müxtəlif ölkələrdən gələn alimlərin, ekspertlərin və mütəxəssislərin dərin təcrübələrinin paylaşılması üçün unikal platforma olduduğunu vurğulayıb. Qeyd edib ki, alimlərin çıxışlarından da aydın oldu ki, hər bir ölkənin özünəməxsus din təhsili modeli mövcuddur. Bununla yanaşı, ortaq dəyərlərimiz də kifayət qədər çoxdur.
V. Göyüşov deyib ki, ölkəmiz qədim dini-mədəni irsi, multikultural və tolerant mühiti ilə bu mövzularda regional və qlobal əməkdaşlıq sahəsində aparıcı rol oynayır. Belə tədbirlər yalnız nəzəri müzakirələrlə məhdudlaşmır, həm də praktik araşdırmaların, yeni layihələrin, elmi tədqiqatların əsasını qoyur.
Türkiyənin Kilis 7 Aralık Universitetinin rektoru Zəkəriyyə Akman beynəlxalq simpoziumda iştirak edən 14 xarici ölkə iştirakçısı adından təşkilatçılara - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və tabeliyindəki qurumlara təşəkkürünü bildirib. Qeyd edib ki, beynəlxalq simpozium din təhsili sahəsində yalnız elmi müzakirələr deyil, həm də təcrübələrin paylaşılması baxımından unikal bir platforma oldu.
Sonda məruzəçilərə sertifikatlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumda Azərbaycan da daxil olmaqla 15 ölkədən 70-dək mütəxəssis alim iştirak edib. Beynəlxalq simpoziuma təqdim edilən məqalələr kitab şəklində çap olunacaq.