Bakı. Trend
Bu ilin sentyabr ayının sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 13,073 milyard manat olub.
Trend bu barədə ARDNF-dan məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyard manat və ya 12,9% azdır.
Belə ki, ötən ilin yanvar-sentyabr aylarında Fondun büdcə gəlirləri 15,004 milyard manat idi.
Hesabat dövründə Fondun büdcə xərcləri 10,918 milyard manat təşkil edib ki, bu da, illik müqayisədə 1,3 milyard manat və ya 13,3% çoxdur.
2024-cü ilin birinci rübündə Fondun büdcə xərclərinin həcmi 9,634 milyard manat idi.
Bəhs olunan dövrdə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7,838 milyard manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 7,069 milyard manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil edib. Sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6,184 milyard manat, Şahdəniz yatağından isə 697 milyon manat məbləğində vəsait daxil olub.
Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 5,236 milyard manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 15,066 milyard manat olub.
2025-ci ilin yanvar-sentyabr aylarında aşağıdakı icrası davam edən layihələrə 34,3 milyon manat yönəldilib. O cümlədən, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 26,1 milyon manat vəsait sərf edilib.
Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,9 milyon manat təşkil edib. Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 4,350 milyard ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, ARDNF missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. ARDNF-nin yaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin səmərəli və məqsədyönlü idarə edilməsinə şərait yaratmaqdır.
ARDNF-nin fəaliyyəti ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsinin, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsinin, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasının həllinə yönəldilib.