Bakı.Trend:
Oktyabrın 23-də Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç prosesi həyata keçirilib. Bu gün 55 nəfərdən ibarət 12 ailə doğma yurduna qayıdıb.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata əsasən sakinlərə bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Köç mərasimi zamanı çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qeyd edib ki, Təzəbinə kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün lazımi şərait yaradılıb. Kənddə sosial infrastruktur tam yenilənib, kommunal xidmətlər bərpa olunub və zəruri təminat işləri yekunlaşdırılıb.
S. Qəhrəmanov həmçinin vurğulayıb ki, bölgədə məşğulluq məsələləri də diqqət mərkəzində saxlanılır.
Ehtiyacı olan ailələr üçün dövlət və özəl sektorda iş imkanlarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, bundan əvvəlki mərhələlərdə Təzəbinə kəndinə 84 ailə köçürülüb. Sonuncu mərhələnin yekunlaşması ilə birlikdə kənddə ümumilikdə 96 ailə daimi məskunlaşıb.
xxx
13:18
Oktyabrın 23-də Xocalı rayonunun Təzəbinə kəndinə yola düşən növbəti köç karvanı ünvana çatıb.
Trend xəbər verir ki, Xocalı rayonunun Təzəbinə kəndinə bu mərhələdə 12 ailə olmaqla, 55 nəfər keçmiş məcburi köçkün gəlib.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
xxx
12:25
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbər verir ki, Təzəbinə kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Təzəbinə kəndinə 12 ailə - 55 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.