...

Azərbaycanın dövlət borcu 2026-cı ilin sonuna 27,1 milyard manat səviyyəsinə çatacaq

Maliyyə Materials 23 Oktyabr 2025 16:56 (UTC +04:00)
Azərbaycanın dövlət borcu 2026-cı ilin sonuna 27,1 milyard manat səviyyəsinə çatacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonunadək dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30,0 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsi kimi hədəflər müəyyən edilib.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, 2025-ci il 1 sentyabr tarixinə dövlət borcunun həmin tarixə 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-ə nisbəti 19,6 faiz təşkil edib ki, bu da büdcə qaydasının ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədd göstəricisindən 10,4 faiz-bənd az olub.

Bununla da Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada nəzərdə tutulan dövlət borcunun ÜDM-ə nisbətinin 30,0 faizlik yuxarı həddi gözlənilib.

Növbəti dövr ərzində beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində prioritet layihələrin maliyyələşdirilməsi üçün kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur.

2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 25,4 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 19,6 faizinə, növbəti ilin sonuna isə 27,1 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 20,2 faizinə çatacağı gözlənilir. Növbəti ortamüddətli dövrdə bu nisbət müəyyən olunan yuxarı hədd daxilində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti