...

Kvotadan əlavə yaradılan iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi proqramına başlandı

Cəmiyyət Materials 23 Oktyabr 2025 16:24 (UTC +04:00)
Kvotadan əlavə yaradılan iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi proqramına başlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi kvotadan əlavə yaradılan iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi proqramına başlayıb.

Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, proqram sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun artırılması məqsədilə kvotadan əlavə iş yerləri yaratmaq istəyən işəgötürənlər üçün nəzərdə tutulub.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər sırasına əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha çox uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, keçmiş məcburi köçkünlər aiddir.

Kvotadan əlavə yaradılan iş yerlərinə Agentliyin yerli qurumlarının və ya DOST mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş və azı iki illik müddətə əmək müqaviləsi bağlanmış işçilərin əməkhaqqı işsizlikdən sığorta vəsaiti hesabına ödəniləcək.

Proqramda bütün mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar (“Kvota şamil edilməyən müəssisələrin siyahısı”na daxil olanlar istisna olunmaqla) müraciət edə bilərlər.

Kvotadan əlavə iş yerlərinə dair tələblər:

  • Bu iş yerləri işəgötürənin vəsaiti və ya qanunla qadağan edilməyən digər mənbələr hesabına yaradılmalıdır;
  • Mövcud daimi vakansiyalar və əvvəlcədən işləmiş şəxslərin işdən azad edilməsi hesabına yaradılan iş yerləri olmamalıdır;
  • Həmin iş yerləri vakansiya bankına daxil edilməlidir;

Kvota öhdəliklərini tam olaraq yerinə yetirmiş işəgötürənlər kvotadan əlavə iş yerlərinin yaradılması üçün bu proqrama müraciət edə və bunun üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://survey.sosial.gov.az/index.php/969263?lang=az

Müraciətlərə 15 iş günü ərzində baxılaraq qərar qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti