Bakı. Trend:
"Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası"nda dəyişiklik edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, idarəedici təşkilat inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 iş günü müddətində inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim edilir.
Belə ki, ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra inkubatorun qeydiyyat şəhadətnaməsi 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydada nəzərdə tutulan müddətdə təqdim edilmədikdə, idarəedici təşkilat tərəfindən inkubatorun qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə göndərilir.