Bakı. Trend:
ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən ənənəvi Türk Festivalında Azərbaycan təmsil olunub. Festivalda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Virciniya ştatında fəaliyyət göstərən Azərbaycan Evinin təşəbbüsü ilə stend qurulub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, stenddə milli geyimli gənclər, broşürlər və Azərbaycan bayraqları vasitəsilə ölkəmizin zəngin tarixi, adət-ənənələri və müasir siması nümayiş etdirilib. Ziyarətçilər səslənən milli musiqilər və interaktiv təqdimatlarla ölkəmiz, eyni zamanda Azərbaycan Evinin fəaliyyəti barədə məlumatlandırılıblar. Onlara Azərbaycan bayraqları hədiyyə edilib.
Festival boyunca stendin fəaliyyətinə “CAN” Könüllülük və İnkişaf Proqramının 7 fəal üzvü dəstək göstərib. Onlar ziyarətçilərə ölkəmiz haqqında məlumat veriblər. Eyni zamanda, gəncləri “CAN” Könüllülük və İnkişaf Proqramı çərçivəsində müxtəlif layihələrə qoşulmağa dəvət ediblər.
Tədbir çərçivəsində soydaşlarımız ilk dəfə olaraq səhnədə musiqili-mədəni proqramla çıxış ediblər. Bədii qiraət, muğam, vokal ifalar, milli alətlərdə canlı musiqi və “İnnabi” rəqsi kimi çıxışlar böyük maraqla qarşılanaraq, Azərbaycan mədəniyyətinin zənginliyini və müxtəlifliyini sərgiləyib.
Azərbaycan stendi ətrafında yaradılan bayram ab-havası festival iştirakçılarının birgə rəqsləri və yallı ifaları ilə daha da şənlənib.
Qeyd edək ki, Vaşinqtonda keçirilən bu ənənəvi Türk Festivalı müxtəlif ölkələrin mədəni irsinin nümayiş olunduğu, hər il on minlərlə ziyarətçinin bir yerə toplaşdığı nüfuzlu beynəlxalq tədbirlərdən biri kimi tanınır. Bu mühüm platformada Azərbaycanın ilk rəsmi iştirakı ölkəmizin mədəni diplomatiyasının daha da gücləndirilməsi istiqamətində mühüm addım olub.