Bakı. Trend:
Şotlandiyanın Edinburq Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, iştirakçılara Azərbaycanın dövlət müstəqilliyinin tarixi, milli kimlik və mədəniyyətin qorunması istiqamətində atılan addımlar barədə ətraflı məlumat verilib. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin xalqımız üçün necə mühüm tarixi əhəmiyyət daşıdığı vurğulanıb. Tədbir səmimi və əyləncəli mühitdə keçib, iştirakçılar arasında maraqlı söhbətlər, fikir mübadiləsi və hədiyyələrlə dolu xoş anlar yaşanıb.
Azərbaycan Cəmiyyətinin rəhbəri Elmar Əmirov belə tədbirlərin xaricdə yaşayan gənc soydaşlarımızın milli kimliyinin qorunub saxlanmasında və ölkəmizə bağlılıqlarının möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
Tədbirdə Edinburq Universitetində fəaliyyət göstərən Türk Cəmiyyəti və Mərkəzi Asiya Türk Cəmiyyətlərinin üzvləri də iştirak ediblər. Bu, tədbirin daha geniş mədəni əməkdaşlıq və qarşılıqlı anlaşma mühitində keçirilməsinə zəmin yaradıb.