Bakı. Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Braziliya Federativ Respublikasının Riu-Qrandi-du-Sul ştatında Nyukasl xəstəliyi, Argentina Respublikasının Buenos Ayres əyalətində isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.