Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) aktivlərin idarə edilməsində “sakit inqilab” keçirir.
Trend xəbər verir ki, bu barədə tanınmış azərbaycanlı iqtisadçı-ekspert İnqilab Əhmədov öz sosial şəbəkə hesabında yazıb.
İqtisadçı, son 5 ildə Fondun investisiya portfelini tamamilə dəyişərək daha çevik və gəlirli alətlərə üstünlük verdiyini qeyd edir.
“Əgər 2020-ci ildə Fondun əsas aktivləri sabit gəlirli alətlər idisə (63,8%), 2025-ci ilin doqquz ayının məlumatına görə, bu investisiyanın xüsusi çəkisi 29,1% azalaraq 34,7% olub”, -deyə o yazır.
Onun sözlərinə görə, qızılın payı 18,6% artaraq 32,8%-ə, səhmlərin payı isə 9,9% artaraq 25,8%-ə çatıb və demək olar ki, birinci ilə müqayisə oluna biləcək səviyyəyədədir.
“Ən əsası odur ki, bu dəyişiklik Fondun əsas gəlir mənbəyi olan neft-qaz gəlirlərinin azalması fonunda baş verir. Məhz bu siyasətin nəticəsidir ki, Fondun əsas gəlir mənbəyinin azalmasına baxmayaraq, onun aktivlərində sürətli artım müşahidə edilir”.
Xatırladaq ki, bu yaxınlarda açıqlanan 2025-ci ilin ilk doqquz ayının məlumatlarına əsasən, Fond tarixdə ilk dəfə olaraq 70 milyard dollarlıq aktivlərlə əvvəlki rekordunu qırıb.