Bakı. Trend:
Azərbaycan 30 oktyabr – 2 noyabr tarixlərində İtaliya
Respublikasının Paestrum şəhərində keçiriləcək “27-ci Aralıq dənizi
Arxeoloji Turizm Mübadiləsi” beynəlxalq turizm sərgisində iştirak
edəcək.
Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumat
verilib.
Bildirilib k, sərginin başlıca məqsədi arxeoloji park və muzeyləri
tanıtmaq, arxeoloji turizm və marketinq istiqamətlərini təşviq
etmək, mövsümu turizmdən asılılığı azaltmaq və iqtisadi imkanları
genişləndirməkdir. İtaliyanın Mədəniyyət Nazirliyi, Turizm
Nazirliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi,
Regionlar və Muxtar Vilayətlər Konfransı və İtaliya
Bələdiyyələrinin Milli Assosiasiyasının himayəsi ilə keçirilən
tədbir UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən
mədəniyyətlərarası dialoq sahəsində ən uğurlu layihələrdən hesab
olunur.
Vurğulanıb ki, turizm sərgisində Azərbaycanın müxtəlif arxeoloji
irs abidələri və onların turizm potensialının nümayişi məqsədilə
müvafiq stendin qurulması, müvafiq təbliğat xarakterli məlumatların
verilməsi nəzərdə tutulur.
"27-ci Aralıq dənizi Arxeoloji Turizm Mübadiləsi" beynəlxalq turizm sərgisi (“Borsa Mediterranea del Turismo Archeologico”: https://www.borsaturismoarcheologico.it/en/) beynəlxalq miqyasda tanınmış ixtisaslaşmış platformadır və hər il yüzlərlə ölkədən turizm qurumlarını, dövlət və özəl sektor nümayəndələrini, həmçinin alim və ekspertləri bir araya gətirir. Tədbirdə iştirak Azərbaycan üçün turizm sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, arxeoloji turizmin inkişafına dair yeni ideyaların tətbiqi, həmçinin ölkəmizin UNESCO Dünya İrs Siyahısında yer alan və namizədlik statusu daşıyan abidələrinin təbliği baxımından mühüm fürsətlər açır. Bu, Azərbaycanın beynəlxalq turizm əməkdaşlığında mövqelərinin möhkəmləndirilməsinə və ölkəmizin arxeoloji turizm irsinin dünyada daha geniş tanıdılmasına töhfə verəcək.