Bakı. Trend:
Payız-qış mövsümü tənəffüs yoluxucu xəstəliklərin artdığı dövrdür. Bu müddət ərzində qrip və kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxmaq daha asandır, çünki insanlar daha çox qapalı yerlərdə vaxt keçirirlər.
Bu mövsümdə ən çox yayılan fəsil virusları hansılardır? Qrip peyvəndi ilə digər peyvəndlər eyni anda oluna bilərmi? Qrip peyvəndinin başqa respirator viruslara qarşı təsiri varmı?
Bu və digər suallara Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov aydınlıq gətirir.
Trend həkim-infeksionist Təyyar Eyvazovun müsahibəsini təqdim edir:
- Təyyar müəllim, ilk öncə bilmək istərdik ki, payız-qış aylarında ən çox yayılan mövsümi viruslar hansılardır?
- Payız–qış aylarında ən çox yayılan fəsli viruslar kəskin
respirator virus infeksiyaları (KRVİ) qrupuna aiddir. Bu virusların
200-dən çox tipləri və yarımtipləri mövcuddur. Bunlar arasında daha
çox qrip virusudur (A və B tipləri) ki, onun yayılması fəsli
epidemiyaların əsas səbəbləriidir.
Qrip adətən adi "soyuqdəymə" ilə müqayisədə daha təsiredici gedişi
ilə fərqlənir. Rinoviruslar adi "soyuqdəymə"nin ən çox rast gələn
səbəbidir. Adenoviruslar nəinki tənəffüs yollarını, həmçinin
gözlərin konyunktivasını və limfoid toxumanı zədələyə bilir.
Paraqrip virusu çox vaxt qırtlağı zədələyir və kiçik yaşlı uşaqlar
üçün həyati təhlükə törədə bilər. Respirator-sinsitial virus
(RS-virus) həm yuxarı, həm də aşağı tənəffüs yollarını zədələyə
bilər ki, kiçik yaşlı uşaqlar və yaşlı (ahıl) şəxslər üçün
təhlükəlidir.
Bu virusların əksəriyyəti soyuq aylarda aktivliyinin pikini nümayiş
etdirir. Lakin bunlardan bəziləri (məsələn, adenoviruslar,
rinoviruslar) bütün il ərzində mühitdə dövr edə bilərlər. Onların
aktivliyi payız və qış aylarında artır.
- Mövsümi viruslara yoluxmuş bir insan nə qədər müddət yoluxucu sayılır?
- Qrip daxil olmaqla KRVİ zamanı yoluxuculuq dövrünün uzunluğu
virusun növündən və insanın immun sisteminin vəziyyətindən çox
asılıdır. Lakin ümumi qanunauyğunluqlar da var. Belə ki,
yoluxuculuq dövrü əksər viruslarda ilk simptomlar meydana
çıxmamışdan 1-2 gün əvvəl başlayır. Yəni, insan hələ özünü pis hiss
etməmişdən əvvəl virusu ətraf mühitə ifraz edir. Yoluxuculuğun piki
xəstəliyin ilk 3-5-ci günləri olur. Bu dövrdə tənəffüs yollarında
virusun konsentrasiyası və bununla bağlı ətrafdakıların yoluxma
riski ən yüksək olur. Xəstəliyin 5-7-ci günündə adətən yoluxuculuq
dövrü bitir.
Bununla yanaşı, qeyd etmək olar ki, qrip zamanı ilk əlamətlər
meydana gəldikdən sonra 7 günədək yoluxdurucudur. Bu müddət
uşaqlarda və immuniteti zəif olan şəxslərdə daha uzundur.
Rinovirus infeksiyası zamanı (adi "soyuqdəymə") yoluxuculuq ilk
simptomlar meydana çıxmazdan 2-3 gün əvvəl başlayır və adətən 10
günədək və ya xəstəliyin bütün əlamətləri keçib gedənədək davam
edir. Adenovirus infeksiyası zamanı insan daha uzun müddətdə-bəzən
2-4 həftə müddətində yoluxdurucu ola bilər, nadir hallarda,
immundefisit zamanı hətta bir neçə ayadək yoluxduruculuq davam edə
bilər. Belə ki, virus ətraf mühitdə daha davamlıdır və əsas
simptomlar keçib getdikdən sonra da ətraf mühitə ifraz oluna
bilər.
Əsas qanunauyğunluq ondan ibarətdir ki, xəstə insan xəstəliyin ilk
günlərində ətrafdakılar üçün daha çox təhlükəlidir və kəskin
simptomlar keçib gedənədək özünü digər şəxslərdən izolyasiya
etməlidir.
- Təyyar müəllim, Səhiyyə Nazirliyi tərəfindən gətirilən peyvəndləri hər kəs vurdura bilərmi?
- Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilmiş qrip əleyhinə
peyvəndi hər bir şəxs vurdura bilər (əks göstəriş - yalnız peyvənd
inqridiyentlərinə qarşı ağır, həyatı təhlükəli allergik reaksiya
olduqda). Qripə qarşı vaksinasiya birinci növbədə yüksək risk
qrupuna daxil olan (o şəxslərdə ki, qrip zamanı ağır fəsadlar
inkişaf edə bilər) və həmçinin kütləvi yoluxma mənbəyi ola biləcək
şəxslərə olunmalıdırlar.
Vaksinasiyanın prioritet qruplarına ağır gedişin və fəsadlaşmanın
yüksək riski olanlar, 6 aylıq yaş dövründən başlayan uşaqlar, yaşlı
(60-65 yaşdan yuxarı) insanlar, yaşdan asılı olmayaraq ağır xroniki
xəstəliyi olan şəxslər, ağciyər xəstəlikləri (ağciyərlərin xronik
obstruktiv xəstəliyi); ürək-damar sistemi xəstəlikləri, endokrin
xəstəliklər (məsələn, şəkərli diabet), metabolik pozuntular və
piylənmə, böyrək xəstəlikləri, immunodefisit vəziyyətlər, həmçinin
hamilə qadınlar (vaksinasiya 2-ci və 3-cü trimestrdə tövsiyə
olunur) aiddirlər.
Eyni zamanda, yüksək yoluxma və infeksiyanı yaymaq riski olan
qruplar tibb, təhsil müəssisələri (müəllimlər və tərbiyəçilər),
nəqliyyat, ticarət, kommunal, sosial sahələrinin işçiləri,
məktəblilər və tələbələrdir.
- Kimlər ilk növbədə qrip peyvəndi olunmalıdır?
- Ümumilikdə, qrip peyvəndi 6 aylıq yaşdan başlayaraq əks
göstərişi olmayan bütün şəxslərə tövsiyədir, lakin vaksin sayı
məhdud olduqda və ya təcili müdafiə zərurəti zamanı birinci növbədə
risk qrupuna daxil olan şəxslər peyvənd olunmalıdır. Əgər artıq
özünüzdə qripin əlamətlərini hiss etmisinizsə, məsələn, burun
axması, boğaz ağrısı, yüksək hərarət və ya əzələ ağrıları varsa, bu
halda peyvənd vurdurmaq məsləhət görülmür. Çünki peyvənd xəstəliyin
qarşısını almaq üçündür, artıq yoluxma baş verdikdə peyvənd
xəstəliyi sağaltmır və bədən lazımi immun cavabı verməyə bilər.
Yaşlı şəxslər, xroniki xəstəliyi olanlar (astma, şəkərli diabet,
ürək-damar, böyrək və ağciyər xəstəlikləri kimi), hamilə qadınlar,
səhiyyə işçiləri, uşaqlarla və immun sistemi zəif olanlarla sıx
təmasda olan insanlar peyvənddən daha çox fayda görür.
Bəzi hallarda peyvəndə müvəqqəti və ya daimi əks göstərişlər ola
bilər. Belə ki, orta və ya ağır dərəcədə xəstəlik olduğu təqdirdə,
məsələn, yüksək hərarət və ya kəskin respirator infeksiya müşahidə
edilirsə, peyvənd xəstəlik tam sağalandan sonra vurulmalıdır.
Əvvəlki peyvəndə qarşı ciddi allergik reaksiya (anafilaksiya) olmuş
şəxslərə də peyvənd vurulmur. Yumurta allergiyası olanlarda bəzi
vaksin növlərinə xüsusi diqqət lazımdır, amma bir çox yeni
vaksinlər yumurtasız hazırlanır və bu halda həkimlə məsləhətləşmək
vacibdir. Altı aydan kiçik körpələrə qrip peyvəndi vurulmur.
İmmunitet sistemi zəif olan şəxslərə isə bəzi canlı vaksin növləri
uyğun olmaya bilər.
Qrip mövsümündən əvvəl, payız aylarında peyvənd olunmaq
məqsədəuyğundur. Peyvənddən sonra immunitetin yaranması təxminən
iki həftə çəkir. Buna görə də, xəstəliyə yoluxmadan öncə vaxtında
peyvənd olunmaq vacibdir.
- Peyvənddən sonra immunitet nə qədər müddət qalır?
- Qrip peyvəndindən sonra immunitet 6-12 ay saxlanılır. Yadda
saxlamaq lazımdır ki, qrip virusu çox dəyişkəndir, mutasiya edir.
Buna görə də, vaksinlər növbəti epidemik fəsildə yayıla biləcək
ştamlar proqnozlaşdırılaraq hazırlanır.
Vaksinasiyadan sonra qripdən müdafiə dərhal yaranmır. Belə ki,
qoruyucu anticisimlərin immun sistem tərəfindən hazırlanması üçün
müəyyən vaxt tələb olunur. Adətən qoruyucu anticisimlər 8-12-ci
gündən sonra formalaşmağa və peyvənd olunduqdan sonra 2-3 həftə
müddətində onların səviyyəsi tam qoruyucu həddə olur.
Virusun dəyişkən olması və qoruyucu əks cisimciklərin səviyyəsinin
vaxt keçdikcə tədricən azalması səbəbindən hər il peyvəndlənmə
zəruridir və hər yeni epidemik fəsildə qripin aktual olan
ştamlarından qoruya bilər. Buna görə də qripə qarşı peyvəndi
payızda (sentyabr-noyabrda) etmək tövsiyə olunur ki, xəstəliyin
piki (adətən qışda) baş verənədək qoruyucu immunitet formalaşa
bilsin.
- Qrip peyvəndi ilə digər peyvəndlər eyni anda oluna bilərmi?
- Bəli, mümkündür. Qrip vaksinini əksər digər peyvəndlərlə həm
uşaqlar, həm də böyüklər üçün eyni vaxtda etməyə icazə verilib.
Yadda saxlamaq lazımdır ki, hər iki vaksin müxtəlif fərqli
nahiyələrə (məsələn, müxtəlif qollara) ayrı-ayrı şprislərdə
yeridilməlidir.
Peyvəndlərin eyni vaxtda yeridilməsi bir qayda olaraq hər bir
vaksinin effektivliyini aşağı salmır və yan təsirlərin peyvəndin
ayrı-ayrılıqda vurulması ilə müqayisədə inkişaf riskini artırmır.
Vərəmə qarşı olan BSJ vaksini yeganə vaksindir ki, ənənəvi olaraq
onu qripə qarşı vaksinlə eyni vaxtda etmək tövsiyə olunmur. Eyni
vaxtda aparılan peyvəndləmə çox əlverişlidir, belə ki, bir neçə
infeksiyadan qorunmanı tez bir zamanda yaratmağa imkan verir və bu
risk qrupundan olan insanlar üçün çox vacibdir.
- Qripi peyvəndi başqa respirator viruslara qarşı təsiri varmı?
- Yox, birbaşa qorumur. Qripə qarşı vaksin məxsusən qrip
infeksiyasına (qrip A və qrip B) qarşı spesifik immunitetin
formalaşması üçün hazırlanır, hər növbəti epidemik fəsildə mühitdə
dövr edəcək ştamlar proqnozlaşdırılaraq vaksinin tərkibi müəyyən
edilir. Qrip peyvəndi digər KRVİ-dan (rinovirus, adenovirus,
respirator-sinsitial virus, paraqrip və s.) qorumur. Buna
baxmayaraq, dolayı effekt də mövcuddur.
Bəzi tədqiqatlar göstərir ki, qripə qarşı vaksinasiya immun sistemi
aktivləşdirərək, ümumilikdə immuniteti gücləndirir. Bu effektin
hesabına peyvənd olunmuş şəxslər ümumilikdə daha az xəstələnirlər
və ya digər KRVİ-nı yüngül keçirirlər.
Vaksinasiyanın əsas məqsədi qripin qarşısının alınmasıdır. Belə ki, məhz qrip ən çox təhlükəli respirator xəstəlikdir, daha çox halda ağır fəsadlara, bəzən isə hospitalizasiyaya gətirib çıxarır. Əgər insan peyvəndin hesabına qripdən qorunubsa, onun orqanizmi digər, daha az təhlükəli KRVİ ilə daha yaxşı mübarizə etməyə hazır olur