...

Deputatlar barəsindəki təhrif olunmuş məlumatlar informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin vacib hissəsi olduğunu göstərir - Ceyhun Məmmədov

Cəmiyyət Materials 24 Oktyabr 2025 11:54 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son günlərdə yayılan bir sıra təxribat xarakterli məlumat və açıqlamalar bir daha göstərir ki, informasiya təhlükəsizliyi mövzusu təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşımızın diqqət mərkəzində olmalıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu gün informasiya dünyada sadəcə məlumat ötürmə vasitəsi deyil, ən güclü strateji silah kimi istifadə olunur. Bu mənada məlumatların kim tərəfindən, hansı məqsədlə və necə paylaşılması milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır:

“Bu bir danılmaz faktdır ki, yalan və ya təhrif edilmiş məlumatlar təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin zərərinə işləyə bilər. Bu gün informasiya müharibəsi adi silahlı qarşıdurmalardan daha gizli, lakin daha təhlükəlidir. Bu gün təəssüf ki, sosial şəbəkələrdə və müxtəlif platformalarda məsuliyyətsiz paylaşımlar etmək, yoxlanılmamış xəbərlər yaymaq adi hala çevrilib. Bunu biz ən açıq şəkildə İkinci Qarabağ Müharibəsi zamanı da gördük. Ölkəmizə qarşı hərbi əməliyyatlarla yanaşı, güclü informasiya müharibəsi də aparılırdı. O dövrdə bəzi saxta xəbərlər və yanlış paylaşımlar cəmiyyətin psixoloji durumuna təsir etmək, ordumuzun iradəsini zəiflətmək və xalqımız arasında çaşqınlıq yaratmaq məqsədi daşıyırdı. Lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, dövlətimizin koordinasiyalı fəaliyyəti və doğru informasiya axınını təmin etməsi bu cəhdləri boşa çıxardı”.

C.Məmmədovun sözlərinə görə, regionda baş verən proseslər, qlobal güclərin maraqları, ölkəmizə qarşı təxribatçı kampaniyalar, deputatlar barəsində yayılan təhrif olunmuş məlumatlar bir daha göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir:

“Bu səbəbdən hər bir vətəndaşımız üzərinə düşən məsuliyyəti ciddi dərk etməli, paylaşdığı hər xəbərin mənbəyini yoxlamalı, yalnız rəsmi və etibarlı məlumatlara güvənməlidir.

Eyni zamanda təxribat xarakterli yazılara, saxta hesablardan yayılan məlumatlara alət olmamalı, özləri ilə yanaşı, ətraflarındakı insanları da informasiyadan düzgün istifadəyə təşviq etməlidirlər.

Heç kim unutmamalıdır ki, informasiya silahı ya bizim gücümüzə güc qatır, ya da əleyhimizə çevrilir. Seçim bizim əlimizdədir. Hər bir vətəndaşımız diqqətli olmalı, dövlətimizin maraqlarını, xalqımızın təhlükəsizliyini qorumağı ən ümdə vəzifəsi bilməlidir. Heç kimin ölkəmizin informasiya məkanını çirkləndirməsinə, qələbəmizə xələl gətirməsinə icazə verməməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti